Xəzər Xəbər

Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb - RƏSMİ

İqtisadiyyat | 17:19 • 17 Sentyabr 2018
Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb -

Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb.


Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi və nəzarətin təşkilini həyata keçirən qurum kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb. Tikinti obyektlərinin qanunvericiliklə nəzərdə tutulmuş rəsmiləşdirilmə və razılaşdırma işləri aparılmadan elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma prosesinin qarşısının alınması üçün tədbirlər gücləndirilib. Belə ki, 2017-ci il ərzində elektrik şəbəkəsinə 504 qanunsuz qoşulma olduğu halda, agentliyin fəaliyyəti dövründə yalnız 17 belə hal aşkar edilib. Əgər ötən il qazpaylayıcı şəbəkəyə 48 qanunsuz qoşulma faktı qeydə alınmışdısa, agentliyin fəaliyyəti dövründə 10 belə hal aşkar olunub.


Xatırladaq ki, Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətində məqsəd kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

Xəbər lenti