Xəzər Xəbər

Avqustda Azərbaycanda sutkalıq neft hasilatı 774 min barrel olub

İqtisadiyyat | 17:50 • 10 Sentyabr 2018
Avqustda Azərbaycanda sutkalıq neft hasilatı 774 min barrel olub

Energetika Nazirliyi avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, avqust ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 774 min barrel olub. Bunun 716 min barrelini xam neft, 58 min barrelini kondensat təşkil edib. Gündəlik 641 min barrel xam neft, 58 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında isə 773 min barrel olub.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Xəbər lenti