Xəzər Xəbər

Bakıda bal yarmarkası keçiriləcək

İqtisadiyyat | 15:03 • 10 Sentyabr 2018
Bakıda bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.


Xezerxeber.az xəbər verir ki, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.


Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:


Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr


Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr


Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr


Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr


Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr


Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr


Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr


Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr.


Eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.


Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

Xəbər lenti