Xəzər Xəbər

Ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI

İqtisadiyyat | 11:22 • 10 Sentyabr 2018
Ucuzlaşan və bahalaşan məhsulların

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.


Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz bahalaşıb.


Ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, minik avtomobilləri və ehtiyat hissələrinin, velosipedlərin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri və yuyulması, metro və avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri, ali təhsil müəssisələrində təhsil haqqı, mənzillərin icarə haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (Trend)

Xəbər lenti