Xəzər Xəbər

IGB İnterkonnektorunun inşasına ilin sonunda başlanacaq

İqtisadiyyat | 14:55 • 8 Sentyabr 2018
IGB İnterkonnektorunun inşasına ilin sonunda başlanacaq

Azərbaycanın "Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) inşasına bu ilin sonunda başlanacaq.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova deyib.


Nazir qeyd edib ki, IGB Bolqarıstan, Cənub-Şərqi və Mərkəzi Avropa üçün tədarükün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İndiyədək IGB layihəsi üçün müxtəlif mənbələrdən 85 milyon avroyadək qrant cəlb olunub: "Hazırda layihəni icra edəcək şirkət satınalma prosesini yekunlaşdırmaq üzrədir. İnterkonnektorun tikintisinə cari ilin sonunda başlanması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur”.


Qeyd edək ki, 2013-cü ilin sentyabrında "Bulgargaz EAD” "Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı "Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.


Xatırladaq ki, IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.


Mayda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi üzrə tender elan edilib. Tender boru kəmərinin dizaynı və inşasını nəzərdə tutur. Təxminən 145 milyon avro dəyəri olan tenderin qalibi olacaq şirkət 185 kilometr uzunluğunda boru kəmərini 18 aya inşa edəcək. İyunda isə TAP-ın tikintisi üzrə konsorsium ilə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan ICGB AD əməkdaşlıq sazişi imzalayıb.


2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77,7 faizi yekunlaşıb.


Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə "Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9,3 milyard dollar vəsaitin isə 0,8 milyard dollardan çoxu TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.


Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.


TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada "Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.


TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz).

Xəbər lenti