Xəzər Xəbər

Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb etdiyi maliyyə vəsaitləri açıqlandı

İqtisadiyyat | 12:27 • 5 Sentyabr 2018
Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb etdiyi maliyyə vəsaitləri açıqlandı

Bu vaxtadək Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan layihələrə cəlb olunan maliyyə vəsaitləri açıqlanıb.

AZƏRTAC-ın sorğusuna cavab olaraq "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, CQD bu il iyulun 31-dək layihələrdə olan iştirak paylarının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən buraxılan və Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış cəmi 2,5 milyard ABŞ dolları məbləğində istiqrazlar; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı; 2016-cı ilin mart ayında nominal dəyəri 1 milyard dollar olan avrobondların (ilk buraxılış) və 2017-ci ilin martında nominal dəyəri 1 milyard dollar məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə.

"Bundan başqa "Cənub Qaz Dəhlizi” QSC layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb edib. Belə ki, bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankından (ADB) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı (World Bank) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Xəbər lenti