Xəzər Xəbər

SOCAR-ın iki ölkəyə yatırdığı sərmayənin miqdarı açıqlandı

İqtisadiyyat | 18:14 • 3 Sentyabr 2018
SOCAR-ın iki ölkəyə yatırdığı sərmayənin miqdarı açıqlandı
SOCAR tərəfindən "SOCAR Energy Ukraine” şirkətinə fəaliyyətə başladığı dövrdən etibarən ötən ilin sonunadək ümumilikdə 286 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb.


XəzərXəbər xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir. Qeyd edilir ki, SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 milyon dollar həcmində sərmayə yatırılıb ki, bu investisiya əsasən yanacaqdoldurma məntəqələrinin (YDM) yaradılmasına, neft bazalarının alınmasına və işlək kapitalın formalaşdırılmasına sərf olunub. Fəaliyyətdə olduğu müddət ərzində şirkət tərəfindən Ukrayna hökumətinə 219 milyon dollar həcmində vergi ödənilib.


"SOCAR Energy Ukraine” şirkəti son illərdə Ukraynada bir çox yeni layihələrə imza atmaqla əhəmiyyətli nailiyyətlər əldə edib. 2018-ci ilin yanvar ayının sonuna şirkətin YDM-lərinin sayı 61-ə bərabər olub. Ukrayna ərazisində "SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. "SOCAR Energy Ukraine”nin törəmə şirkətləri olan "Torgoviy Dom” və "SOCAR-AVIA” şirkətləri isə yüngül neft məhsullarının və Ukrayna hava limanlarında aviasiya yanacağının satışını həyata keçirir.

Ötən ilin sonuna olan məlumata görə şirkətdə 1817 nəfər işçi çalışır. SOCAR-ın Ukraynadakı nümayəndəliyi Azərbaycan mədəniyyətinin tanıdılması üçün müxtəlif sosial layihələr həyata keçirib. Şirkət İrpin, Kiyev və Odessa şəhərlərində parkların salınması, Lvov şəhərində isə Opera fontanının qurulmasında, həmçinin təqaüd proqramlarının həyata keçirilməsi, xeyriyyə və digər sosial layihələrdə sponsorluq vasitəsilə iştirak edib. Ümumilikdə sponsorluq fəaliyyətinə 6 milyon dollar həcmində pul xərclənib.

Eyni zamanda 2007-2017-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. SOCAR-ın Gürcüstanda fəaliyyəti "SOCAR Georgia Petroleum”, "SOCAR Gas Export-Import”, "SOCAR Georgia Gas”, "SOCAR Georgia Gas Distribution”, "Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. Hazırda Gürcüstan ərazisində SOCAR-a tabe şirkətlərdə ümumilikdə 4 minədək işçi çalışır.

"SOCAR Georgia Petroleum”un əsas fəaliyyəti Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil etməkdən ibarətdir. Hazırda Gürcüstan ərazisində "SOCAR” brendi ilə 116 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Ümumilikdə 2006-2017-ci illər üzrə şirkət tərəfindən 196 milyon dollar məbləğində investisiya qoyulub. 2017-ci il ərzində şirkət 347 milyon litr həcmində neft məhsullarının satışını reallaşdırıb.

"SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. 2008-ci ildə Gürcüstan Hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən "SOCAR Georgia Gas” MMC ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və ölkəyə 40 milyon dollar sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində "SOCAR Georgia Gas”ın ümumilikdə 250 min abonenti qazla təmin edib, 290 milyon dollar yaxın həcmdə sərmayə qoyuluşu həyata keçirib. Şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 3,6 faizdir. "SOCAR Georgia Gas” hazırda bütün Gürcüstan üzrə 590 mindən artıq abonentə xidmət edir. 2017-ci ildə şirkətin kapital xərcləri təxminən 40,3 milyon dollar bərabər olub. Bundan başqa, şirkət göstərilən dövrdə Gürcüstan bazarına ümumilikdə 1,4 milyard kubmetr həcmində təbii qaz idxal edib. 2018-ci il proqnozlarına əsasən idxal ediləcək qazın həcmi 1,8 milyard kubmetr təşkil edəcək.

"SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazı iki qrup istehlakçılara: əhaliyə və enerji istehsalı obyektlərinə təchiz edilməsinə yönəldilib. 2009-2017-ci illərdə Gürcüstanın ictimai bazarına 12 milyard kubmetrə yaxın təbii qaz təchiz olunub. 2017-ci il ərzində Gürcüstanın ictimai bazarına təchiz olunan qazın miqdarı təqribən 1,7 milyard kubmetr olub.

2017-cı il ərzində "SOCAR Georgia Gas Distribution” şirkətinin kapital xərcləri təxminən 11,4 milyon dollar həcmində olub. Bu dövr ərzində Gürcüstan bazarına ümumilikdə 137,9 milyon kubmetr təbii qaz satılıb, 194,2 milyon kubmetr təbii qaz isə nəql olunub. "SOCAR Georgia Gas Distribution” şirkətinin 2017-ci il ərzində xalis mənfəəti 4,3 milyon dollar təşkil edib.

"Black Sea Terminal” - Kulevi Neft Terminalı 2008-ci ildən etibarən istismara verilib. Terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. İstismara qədər investisiya xərcləri 233 milyon dollar həcmində olub. 2008-2017-ci illər arasında terminala 96 milyon dollar (2017-ci ildə 10 milyon dollar daxil olmaqla) sərmayə yatırılıb. Göstərilən illər ərzində terminal vasitəsilə daşınan məhsul həcmi isə 23 milyon m/t (2017- ci il ərzində 1606354 m/t daxil olmaqla) olub.

"2007-2017-ci illər ərzində SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən şirkətin Tbilisi və Batumidəki inzibati ofis binaları, Tbilisidəki M.F.Axundovun ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi, eyni zamanda Marneulidəki "Çay Evi” və "Gənclər Mərkəzi”nin alınması və əhalinin istifadəsinə verilməsi və Tbilisidəki N.Nərimanovun ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi kimi iri tikinti layihələri daxil olmaqla Gürcüstan iqtisadiyyatına 68,4 milyon dollar məbləğində maliyyə vəsaiti xərclənib. Bundan əlavə 2007-2017-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırılıb, Gürcüstan dövlət büdcəsinə 1,252 milyard dollar məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilib” ,- deyə hesabatda qeyd edilir.

Xəbər lenti