Avqustun 24-də
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə
edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi
haqqında sərəncam imzalayıb.
Maliyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yeni təsdiqlənən Strategiyanın əsas məqsədi
qlobal iqtisadiyyatda və maliyyə bazarında baş verən proseslər fonunda
ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi, dövlət
bocalmalarında səmərəliliyin artırılması, qarşıda duran yeni çağırışlar
və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi
və nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə, dövlətin maliyyə
ehtiyaclarının ən az xərclə təmin edilməsi üçün tələb olunan tədbirləri
müəyyən etmək, bu tədbirlərə müvafiq siyasət çərçivəsini formalaşdırmaq
və bütün aidiyyəti tərəfləri bu barədə müvafiq qaydada
məlumatlandırmaqdır. Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə
etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və
tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli
baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq
üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi
planlaşdırılır.
1-ci strateji məqsəd kimi həm ortamüddətli, həm
də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə
almaqla dövlət borcunun dayanıqlığını təmin etmək nəzərdə tutulur. Bu
məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin
yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən
aşağı salınması hədəfi gözləniləcəkdir. Eyni zamanda, ümumi dövlət
borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15
faizdən aşağı olması hədəflənir.
2-ci strateji məqsəd dövlətin
digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az
xərclə və aşağı risklərlə qarşılamaqdır. Bu istiqamətdə 2025-ci ilədək
xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə
xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması
nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə
saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi
portfeldə payının 56 faizi keçməməsi digər hədəf kimi müəyyən olunub.
3-cü
strateji məqsəd kimi yerli maliyyə bazarlarının inkişafının
dəstəklənməsi nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycan Respublikasının
Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri
tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri
və investorların maraqları nəzərə alınmaqla hazırlanması və həyata
keçirilməsi təmin olunacaqdır.
Həmçinin, dövlət borcalmaları üzrə
müəyyən olunan strateji məqsədlərə çatmaq üçün bir sıra digər prioritet
tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki,
Strategiyada müəyyən olunan prioritet layihələrdən başqa digər
layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunmaması və
dövlət zəmanətinin təmin edilməməsi planlaşdırılır. Eyni zamanda, faiz
dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və
sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri
ilə cəlb olunması həyata keçiriləcəkdir.
Qeyd olunanlarla yanaşı,
dövlət borcu üzrə qanunvericiliyin təkmilləşdirilməsi, dövlətə məxsus
olan hüquqi şəxslərin dövlət zəmanəti olmadan cəlb edilən daxili və
xarici borclarının uçotunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
tərəfindən aparılması və daxili institusional və maddi-texniki bazanın
gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcəkdir.
Hazırda
dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan
göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin
mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib
hazırlanması zərurətini aktuallaşdırdı. Məlum olduğu kimi, 2014-cü ilin
ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin
ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül
meyillərinin dərinləşməsi nəticəsində tədiyə balansının
tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın
korreksiyası həyata keçirildi və milli valyuta ABŞ
dollarına nisbətdə ucuzlaşdı. Bununla da, dövlət borcunun ümumi
səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin
azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən
başlıca səbəb oldu. Beləliklə, milli valyutanın ucuzlaşması fonunda
dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artdı. Qeyd olunanların
müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə
nisbəti 55,0 faiz bəndi artdı.
Eyni zamanda bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində "Azərbaycan Beynəlxalq Bankı”
ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində
xarici dövlət borcu 31,6 faiz artmış və şərti öhdəliklər də nəzərə
alınmaqla 2018-ci ilin iyul tarixinə xarici dövlət borcunun məbləği 9,6
milyard ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında dövlət borcunun
idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmiz üçün
mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatmaq üçün prioritet
tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı
səviyyələrdə saxlanmasını təmin edəcəkdir.
Hər iki ildə bir dəfə
yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas
əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
müəyyən olunub. Dövlət borcunun idarə edilməsinə dair orta və uzun
müddət üçün Strategiyanın hazırlanması Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 dekabr 2016-cı il tarixli Fərmanla hökumətə tapşırılıb.