XəzərXəbər-in
məlumatına görə, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də
tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası
1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin
11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının
yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan
Respublikası Prezidentinin
15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının
dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli
valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
Bununla əlaqədar
olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar,
noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq
əsginaz, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı
kağız əsginazlar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci
pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Yeni dizaynla 1 və 10 manatlıq əsginazlar həmin şirkətdə istehsal
olunub.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat
Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel
olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə
Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait
yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının
təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin
11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli
valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması
haqqında" Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə
yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl
zonasından çıxması təmin edildi.
Milli Bank tərəfindən ölkədə
nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın
optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə
isə 50.000 manatlıq əsginazlar çap etdirilərək dövriyyəyə buraxılıb.
1994-cü
ildə Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən istehsal
edilən 10.000 manatlıq əsginazın üzərində "Şirvanşahlar" kompleksinin
ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə
haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdi.
İngiltərənin
"De La Rue" şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində
əsginazlar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin
üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – "Mömünə
Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə
haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə
verilib.
İngiltərədə 2001-ci ildə "De La Rue" şirkəti tərəfindən
yeni dizaynla 1000 manat dəyərində əsginaz buraxılıb. Bu əsginaz
Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib.
Əsginazın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.
Ümumilikdə,
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının
nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər
ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginaz
istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları
2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində
dövriyyədən geri yığılıb.
Azərbaycan Respublikası Prezidenti
tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul
nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi
(denominasiyası) haqqında" Fərman imzalanıb. Fərmana uyğun olaraq,
2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni
manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il
ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın
1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə
dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu
proses xırda həcmdə olsa da davam edir.
Dövriyyəyə buraxılan yeni
manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5,
10, 20, 50 metal pul nişanlarından ibarət olub.
Yeni manatın
dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın "OeBS" şirkətinin
dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul
nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki
dəstəyi ilə hazırlanıb.