Azərbaycan
Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən investisiya
strategiyasının optimallaşdırılması, investisiya portfelinin
diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin
yüksəldilməsi məqsədilə ARDNF-nin investisiya portfelinin əsasını təşkil
edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və
Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin
valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata
keçirilir. XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatında bildirilib.
Məlumatda
qeyd olunub ki, bu istiqamətdə ARDNF-nin investisiya portfelində Çin
yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi
daxil olmaqla digər valyutalar da yer alır.
ARDNF-nin investisiya
portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9% pay təşkil
edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən
Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva
şəhərində "Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari
bazar konyukturası nəzərə alınmaqla Fondun hazırkı investisiya
strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik
gözləntiləri ilə uyğunluq təşkil edir.
Bununla yanaşı, ARDNF
tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən
geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari
vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil
olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə
müvafiq dəyişikliklər edilir.