Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər. XəzərXəbər xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun
sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır.
Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri
bazarları hesabına baş verir. Belə ki, 2018-ci ilin yanvar-iyun
aylarında torpağın qiyməti 3,32 faiz, kommersiya obyektləri 0,23 faiz,
kommersiya obyektlərinin icarəsi isə 1,46 faiz bahalaşıb. İlin
əvvəlindən ən çox artım fərdi və bağ evlərinin qiymətində qeydə alınıb –
13,27 faiz.
Azərbaycanda tikinti sektoru son iki-üç ildəki
durğunluqdan sonra qismən bərpa olunmağa başlayır. 2018-ci ilin ilk
yarısında ölkədə tikintinin ümumi həcmi 463,8 milyon dollar təşkil edib
(il ərzində 17,6 faiz artım). İlin əvvəlindən ümumilikdə 946,4 min
kvadrat metr sahədə yaşayış evləri istifadəyə verilib ki, bu da 2017-ci
ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz çoxdur.
Qiymət
artımına qismən ipotekaya mənzillərin alınması təsir göstərir. Mərkəzi
Bankın məlumatlarına əsasən, bu ilin ilk 6 ayı ərzində Azərbaycan
İpoteka və Kredit-Təminat Fondu xətti ilə 117,4 milyon manat ipoteka
krediti verilib. Bu, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 52,5
faiz çoxdur.