Naxçıvan Muxtar
Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının
maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaçıların
şəxsi hesablarına 11 milyon 650 min 108 manat köçürülüb. XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd
edilib ki, hesabat ayında fondun gəlirləri 4 milyon 898 min manat
proqnoza qarşı 6 milyon 904 min 170 manat həcmində yerinə yetirilib və
proqnoz tapşırıqlara 141 faiz əməl olunub. Həmçinin "Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ
yaranmış 100 vətəndaşa əmək pensiyası təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin
"2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq
stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi
haqqında” 2018-ci il 25 iyun tarixli Fərmanına uyğun olaraq müvafiq
kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarına qulluq stajına
görə əlavələr yenidən hesablanaraq artırılıb.