Xəzər Xəbər

İyulda Azərbaycanda gündəlik neft hasilatı 773 min barrel olub

İqtisadiyyat | 10:16 • 10 Avqust 2018
İyulda Azərbaycanda gündəlik neft hasilatı 773 min barrel olub

Energetika Nazirliyi iyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barrel olub. Bunun 728 min barrelini xam neft, 45 min barrelini kondensat təşkil edib. Gündəlik 591 min barrel xam neft, 45 min barrel kondensat, 28,8 min barrel isə neft məhsulları ixrac olunub.


Energetika Nazirliyi iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyunda isə 792 min barrel olub.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Xəbər lenti