Xəzər Xəbər

Naxçıvan altı ayda 53 ölkə ilə ticarət əməliyyatları aparıb

İqtisadiyyat | 13:50 • 26 İyul 2018
Naxçıvan altı ayda 53 ölkə ilə ticarət əməliyyatları aparıb

Bu ilin altı ayında 53 ölkə ilə 212 milyon 318 min 800 ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. İxrac əməliyyatları, əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib. İxracın strukturunda sənaye məhsullarının payı 79 faiz olub.


Bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərin, 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında səsləndirilib.


Tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, dövlətimiz tərəfindən gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması diqqətdə saxlanılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hesabat dövrü ərzində iş prosesinin avtomatlaşdırılmasına və idarəetmənin təkmilləşdirilməsinə xüsusi önəm verilib. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük sərhəd-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçirilib. Sutkalıq iş rejiminə keçid həmin gömrük orqanından istifadənin daha da yaxşılaşmasına, gediş-gəlişin fasiləsiz təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb.


Komitə sədri vurğulayıb ki, 2018-ci ilin birinci yarısında muxtar respublika gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnoz tapşırığa 100 faiz əməl edilib. Belə ki, büdcənin formalaşdırılması üçün yanvar-iyun ayları ərzində 3 milyon 806 min 527 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 722 min 502 manat çox olub.


Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini vurğulayıb.


Asəf Məmmədov deyib: "2018-ci ilin birinci yarısında gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində 8 cinayət faktı aşkarlanıb, 104 kiloqram 961 qram heroin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 179 qram metamfetamin, 10 ədəd tramadol adlı güclü psixotrop maddə, 20 ədəd klonazepam adlı psixotrop tərkibli dərman aşkar edilib. Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində "X-ray” tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində 104 kiloqram 530 qram heroinin aşkarlanması Naxçıvan gömrükçülərinin bu sahədə ən böyük nailiyyəti olub”.


Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9,5 qram marixuana, 100 ədəd tramadol adlı güclü təsiredici psixotrop maddə götürülüb.


"Hesabat dövründə psixotrop maddələrin muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 36 min tabletdən çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da 34 min tabletdən çoxu psixotrop tərkibli olub. Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 73 icraat aparılıb və 23 min 800 manat cərimə ödənişi təmin olunub” – deyən komitə sədri qeyd edib ki, xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilib. Hesabat dövründə keyfiyyət göstəricilərinin təyini ilə bağlı, ümumilikdə, 244 ton məhsuldan alınan prob və nümunələrin ekspertizası aparılıb. Həmin mallardan 31 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun keyfiyyət göstəriciləri normalara cavab vermədiyindən, o cümlədən markalanma və qablaşması tələblərə uyğun olmadığından muxtar respublika ərazisinə buraxılmayıb.


Kollegiya iclasında cari ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində görülmüş işlərin və gömrük orqanlarında həyata keçirilmiş audit yoxlamalarının nəticələri müzakirə olunub, "Naxçıvanterminalkompleks” Birliyinin yarımillik fəaliyyətinə dair hesabat dinlənilib. (AZƏRTAC)

Xəbər lenti