Xəzər Xəbər

Yeni alternativ və bərpaolunan enerji mənbələri stansiyaları tikiləcək

İqtisadiyyat | 15:59 • 23 İyul 2018
Yeni alternativ və bərpaolunan enerji mənbələri stansiyaları tikiləcək

Azərbaycanda yeni alternativ və bərpaolunan enerji mənbələri (ABOEM) stansiyalarının tikiləcəyi ərazilər müəyyənləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.


Bildirilir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2018-2020-ci illərdə gücü 420 meqavat nəzərdə tutulan stansiyaların tikiləcəyi əraziləri, qoyulacaq investisiya məbləğini və tələb olunan digər məlumatları müəyyənləşdirib. Region ölkələrinin elektrik enerjisinə tələbatının proqnoz qiymətləri, generasiya güclərinin inkişafı, elektrik enerjisinin mümkün qiymətləri üzrə araşdırmalar aparılıb. Müəyyən edilib ki, həmin ölkələrdə elektrik enerjisi idxal-ixrac proqramları və elektrik enerjisinin topdansatış proqnoz qiymətləri qeyd olunan ölkələrə elektrik enerjisinin ixracını aktual edə bilər.


Elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb və elektrik enerjisinə ölkədaxili ehtiyac proqnozlaşdırılıb. Elektrik enerjisinə ölkədaxili tələbat nəzərə alınmaqla, tələb və təklif arasında tarazlığın yaradılması ilə bağlı müvafiq araşdırmalar aparılıb. Eyni zamanda, müxtəlif bazar alətlərinin tətbiqi ilə tələb və təklifin uyğunlaşdırılması və istehlakın optimallaşdırılması təhlil edilib. Əlavə istehsal güclərinin yaradılması, habelə 2030-cu ilədək alternativ və bərpaolunan enerji mənbələri hesabına yaradılacaq generasiya gücləri və bu güclər vasitəsilə istehsal olunacaq elektrik enerjisinin həcmi qiymətləndirilib.


Elektrik stansiyalarının dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikilməsinin və istismar edilməsinin məqsədəuyğunluğu təhlil edilib.


Elektroenergetika sektorunda istehsalın, ötürmənin, paylanmanın, istehlakın, alqı-satqının və enerji bazarının hüquqi əsaslarını müəyyən edən əsas qanun olaraq "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanıb.

Xəbər lenti