Xəzər Xəbər

"Azərbaycan pomidoru brend məhsuludur"

İqtisadiyyat | 14:15 • 17 İyul 2018
"Azərbaycan pomidoru brend məhsuludur"

Azərbaycan pomidoru brend məhsuludur və əsasən keçmiş SSRİ ölkələrində çox yaxşı tanınır.


AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) beynəlxalq məsləhətçisi Olqa Lavrentyeva iyulun 17-də "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən fitosanitar inspektorlar üçün pomidor ixracının sertifikatlaşdırılması üzrə seminarda deyib.


Qida Təhlükəsizliyi Agentliyinin Fitosanitar Nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova ölkəmizdə yetişdirilən pomidor məhsullarının çox keyfiyyətli olduğunu bildirib. Həmçinin qeyd olunub ki, bununla yanaşı, onun ixracı sahəsində fitosanitar tələblərin və orqanik məhsulların yetişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir.


Qusardan olan sahibkar Jalə Əmirbəyova ona məxsus torpaqlarda taxılla yanaşı, tərəvəz məhsullarının da yetişdirildiyini bildirərək, əsasən orqanik məhsullara üstünlük verildiyini söyləyib. Pomidorun böyük gəlir gətirdiyini nəzərə çatdıran sahibkar yaxın zamanlarda orqanik ferma yaradacağını və bu məqsədlə beynəlxalq təcrübəni öyrəndiyini deyib. Məqsəd həm də beynəlxalq sertifikatları almaqdır, deyə bəyan edib.


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Yaqub Cəfərov qeyd edib ki, pomidorun ixracı sahəsində Azərbaycan üçün ən böyük bazar Rusiyadır. Rusiyanın özündə hazırda pomidorun yetişdirilməsi üçün nəhəng istixanalar tikilir. Təkcə Krasnodar şəhərində Azərbaycan şirkəti 120 hektar sahədə istixana tikərək istifadəyə verib. Sözügedən sahəyə bu ölkədə hətta milyardlarla vəsait ayrılıb. Bununla belə, Rusiya fermerləri özləri də etiraf edirlər ki, Azərbaycanda günəşli günlər çox olduğundan pomidor keyfiyyətli və dadlıdır. "Ancaq təəssüflər olsun ki, Rusiyada Azərbaycan pomidorunun ixracı ilə bağlı bəzən süni problemlər yaradılır. Onun qarşısını almaq üçün beynəlxalq tələblərə uyğun məhsullar yetişdirilməli, fitosanitar nəzarət gücləndirilməlidir”, - deyə Y.Cəfərov bildirib.


Seminarda, həmçinin pomidor və tomat ixracının sertifikatlaşdırılması üzrə metodiki vəsaitin təqdimatı keçirilib və müzakirələr aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti