Xəzər Xəbər

“Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” ilə bağlı saziş təsdiq edilib

İqtisadiyyat | 10:38 • 6 İyul 2018
“Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” ilə bağlı saziş təsdiq edilib

"Əşrəfi”, "Dan Ulduzu” və "Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatına dair saziş təsdiq olunub.


Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb.


Qanuna əsasən, "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.


Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.


Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.


Həmçinin bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.


Xatırladaq ki, mayın 30-da Bakıda SOCAR ilə Norveçin "Equinor” (əvvəlki "Statoil”) qrupunun bir hissəsi olan "Statoil Azərbaycan” şirkəti "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalayıb. Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson tərəfindən imzalanıb.


Milli Məclis iyunun 29-da "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişi ratifikasiya edib.


Saziş çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihənin icrası üçün "Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.


"Dan Ulduzu” və "Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara” sahəsi Bakıdan 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti