Xəzər Xəbər

Azərbaycanın bank sektorunun kapitalı 1,5% artıb, zərəri 52 mln. manat azalıb

İqtisadiyyat | 12:02 • 2 İyul 2018
Azərbaycanın bank sektorunun kapitalı 1,5% artıb, zərəri 52 mln. manat azalıb

31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 mln. manat, kredit potfeli 11 552 mln. manat, cəmi öhdəlikləri isə 23 630 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından xezerxeber.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 929 mln. manat, əhalinin əmanətləri isə 7 868 mln. manat olub. 2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0,3% (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1,5% (57 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1% (130 mln. manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit itkilərinin qarşılanmasına yönəldilib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% (159 nəfər) artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3% (491 nəfər) artıb.


Həmçinin 2018-ci il iyunun 1-nə bank sektorunun zərəri 5,5 mln. manat təşkil edib.


Bu ilin beş ayında bankların faiz gəlirləri 700,9 mln. manat, faiz xərcləri isə 250,2 mln. manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-may aylarında kreditlər üzrə faizlərdən 484,1 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 247,2 mln. manat vəsait xərclənib.


Xəbər lenti