27-ci Ümumdünya Qaz
Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub
Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib.
Energetika Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, tədbirdə ABŞ
Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator,
diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes
dairələrinin təmsilçiləri iştirak edib. Tədbiri açan BP-nin baş
direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz
Dəhlizinin rolundan danışıb. O, deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.
Sonra
Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir
çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin
baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə
qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq
münasibətlərinin rolu qeyd olunub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla,
tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik,”
deyə nazir əlavə edib. Nazir ABŞ
Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə
Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. Pərviz Şahbazov
layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi
qiymətləndirib.
ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz
Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan
layihədir.
ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa
və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən
Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir. Frank Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.