Xəzər Xəbər

Azərbaycan Qazaxsıtandan yük lokomotivi alır - Təqdimat oldu - FOTO

İqtisadiyyat | 13:36 • 27 İyun 2018
Azərbaycan Qazaxsıtandan yük lokomotivi alır -

İyunun 25-də Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda "Alstom Transportation S.A.” şirkətinin Azərbaycan üçün istehsal etdiyi ilk yük lokomotivinin - Prima T8-in (AZ8A) təqdimat mərasimi keçirilib.

"Azərbaycan Dəmir Yolları”dan verilən məlumata görə, təqdimat mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının, "Alstom Transportation S.A.” şirkətinin, eləcə də Azərbaycan və Qazaxıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına "Alstom Transportation S.A.” şirkətinin fəaliyyəti barədə video-çarx təqdim olunub. "Alstom"un Qərbi və Mərkəzi Asiya klasterinin idarəedici direktoru Bernar Pey şirkətin fəaliyyəti haqda ətraflı məlumat verib.

Astanadakı elektrovoz qayırma zavodunun baş direktoru Jülyen Nodi zavodun fəaliyyəti haqqında məlumat verib.

Təqdimetmə mərasimində "Alstom Transportation S.A.” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Didye Pfleger çıxış edərək, Prima T8 (AZ8A) lokomotivinin üstünlüklərindən danışıb. Sonra lokomotiv tədbir iştirakçılarına təqdim olunub.

Təqdimetmə marasiminin iştirakçıları üçün EXPO-2017 Beynəlxalq sərgisinin muzeyi, eləcə də Qazaxıstanın Milli muzeyinə ekskursiyalar da təşkil olunacaq.

Prima T8 (AZ8A) Qazaxıstanda istehsal olunan və Azərbaycanın dəmir yollarında istifadə ediləcək dünyanın ən güclü lokomotivlərindən biridir və elektrikləşdirilmiş dəmir yollarında yüksək effektli dartı maşınları arasında liderdir. Bu lokomotiv yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma qabiliyyətinə malikdir.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın "Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY "QSC” Alstom şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin almasını planlaşdırır. Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.

Xəbər lenti