Xəzər Xəbər

Bakının iki rayonunda qaz olmayacaq

İqtisadiyyat | 16:40 • 21 İyun 2018
Bakının iki rayonunda qaz olmayacaq

Nəsimi və Binəqədi rayonlarının bəzi hissələrinə təbii qazın verilişində fasilələr yaranacaq.


"Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a bildirilib ki, diametri 720 millimetrlik "Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrləri arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar iyunun 21-də təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti və 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.


Aparılan təmir işləri iyunun 22-də yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilə aradan qaldırılacaq.


"Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti