Xəzər Xəbər

OPEC neft hasilatında dəyişiklik edəcəkmi?

İqtisadiyyat | 16:18 • 21 İyun 2018
OPEC neft hasilatında dəyişiklik edəcəkmi?

İyunun 22-də keçiriləcək OPEC-in 174-cü iclası ərəfəsində neft hasilatının yaxın gələcəkdə gedişatı ətrafında suallar yaranıb. Son iki ildə OPEC ölkələri arasında hasilatın azaldılmasına dair vahid mövqe mövcud olsa da, hasilatın həcminə dəyişiklik barədə növbəti qərarın gözləndiyi iclasdan öncə kartel daxilində fikir ayrılığı yaranıb.


AZƏRTAC Almaniyanın aparıcı iqtisadiyyat nəşri olan „Handelsblatt" qəzetinə istinadla xəbər verir ki, iyunun 22-də kartel tərəfindən gündəlik neft hasilatının artırılmasına dair ümumi fikrin formalaşması iddia olunsa da, bəzi üzv dövlətlər hasilatın artırılmasına qarşı müqavimət göstərirlər. Qəzetin əldə etdiyi məlumatlara görə, İran, Venesuela və İraq OPEC və qeyri-OPEC ölkələri arasında əldə olunan və 2017-ci ilin əvvəlindən qüvvədə olan razılaşmanın davam etdirilməsinə tərəfdardırlar. Lakin Rusiya və Səudiyyə Ərəbistanı kimi dövlətlər dünya bazarlarında xam neftin qiymətinin sabitləşməsini nəzərə alaraq, hasilatın həcminin artırılmasında maraqlıdırlar.


Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə OPEC-in Vyanada keçirdiyi "Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci beynəlxalq seminarında iştirak edir. Pərviz Şahbazov OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub və sonrakı iclaslarda, eləcə də qeyri-OPEC ölkələri ilə əldə olunan razılaşmalarda hasilatın həcminin aşağı səviyyədə saxlanması barədə qərar qəbul edilib.

Xəbər lenti