Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən operativ hərrac prosedurlarının təklifi yerli
və xarici investorların hərraclarda iştirak marağını artırır.
Komitədən XəzərXəbər-ə
verilən xəbərə görə, hərrac prosesinin vaxtı məhdud olan və ya hərracın
keçirildiyi məkana gələ bilməyən şəxslərə uyğunlaşdırılması, onlara
onlayn şəkildə müraciət və iştirak şansı verir. Belə ki, tətbiq olunan
yeniliklər vətəndaş amilini əsas tutaraq məkan və zaman problemini
aradan qaldırır.
Bu cəhətləri özündə əks etdirən növbəti hərrac
17 iyul tarixində baş tutacaq. Ümumilikdə hərraca 157 dövlət obyekti
çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u
səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i
qeyri-yaşayış sahələridir. Qeyd edək ki, bu əmlaklar yerləşdiyi ərazi,
ümumi faydalı sahəsi və qiyməti baxımından fərqlidir. Bu müxtəliflik
investorların bu hərracda geniş seçim imkanının göstəricisidir.
Hərraca
çıxarılan çoxçeşidli kiçik dövlət müəssisə və obyektlərinin ilkin
hərrac qiyməti 1 min manatla 550 min manat arasında dəyişir. Bu əmlaklar
paytaxtla bərabər Balakən, Yevlax, Saatlı, Lənkəran
və digər rayonlarda yerləşir. Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən
Əmlak kompleksinin ümumi faydalı sahəsi 577 kv.m, ilkin hərrac qiyməti
isə 325 min manatdır. Bu əmlakın fəaliyyətinin bərpası investor üçün
xidmət sahəsində yüksək qazanc deməkdir. Bakı şəhəri, Xəzər
rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Stomatoloji poliklinikanın
ümumi faydalı sahəsi 418 kv.m, ilkin qiyməti 228 mindən çoxdur. Prosesə
çıxarılan kiçik dövlət müəssisələri arasında Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, "Lalə" şadlıq evi, İsmayıllı Təmir Tikinti Sahəsi və digər obyektlər də mövcuddur.
Hərrac prosesinə daha böyük investisiya yatırmaq arzusunda olanlar üçün də dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Sumqayıt, Bərdə, Ağdaş və digər regionlarda yerləşən səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 20 min və 890 min manat intervalındadır. Bakıda Azinterservis, Sumqayıtda Azərmetalinvest, Ağdaşda Ləki Sinklənmiş qablar və digər səhmdar cəmiyyətləri investorların seçim siyahısına daxil ola bilər.
Qeyri-yaşayış
sahələrinin daha aşağı büdcə ilə özəlləşdirilərək yenidən qurulması
sahibkarın bu obyektlərdən müxtəlif sahələr üzrə ofis və xidmət
müəssisəsi kimi istifadəsini təmin edə bilər. Bu dəfə hərraca çıxarılan
qeyri-yaşayış sahələrinin 59-u Bakıda, 8-i Sumqayıtda, digər 3-ü Xızı, Tovuz və Lənkəran rayonlarında yerləşir. Bakı
şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən, ümumi faydalı sahəsi
17 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 18 min
manatdır.
Prosesə çıxarılan əmlaklara istənilən şəxs sifariş
verə bilər. Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün
komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının
müvafiq bölməsinə daxil olmaq kifayətdir. Qeyd edək ki, komitənin təşkil
etdiyi hərracları sifarişçilərlə bərabər, bütün şəxslər canlı və onlayn
izləmə imkanına malikdir.
Əmlak Məsələləri Dövlət Komitəsi
yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət
sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət
edir.