Xəzər Xəbər

Xidmət rəisi sərnişindaşıma sahəsində bəzi sahibkarların fəaliyyətini tənqid edib

İqtisadiyyat | 15:41 • 11 İyun 2018
Xidmət rəisi sərnişindaşıma sahəsində bəzi sahibkarların fəaliyyətini tənqid edib

"Təəssüf hissi ilə qeyd edilməlidir ki, nəqliyyat vasitələrin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsi ilə əlaqədar bir sıra çatışmazlıqlar mövcuddur".


Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

"Qanunvericilikdə müəyyən edilmiş vəzifələrimizin yerinə yetirilməsində, bu yoxlamaların aparılma mexanizmində, habelə hüquqi məsuliyyət məsələlərində boşluqlar var. Belə ki, yetərli sayda qaraj təsərrüfatı yoxdur, daşıyıcılar əsasən maddi-texniki bazası zəif olan fərdi sahibkarlardır. Belə vəziyyət bizi qane etmir və bu çatışmazlıqların aradan qaldırılması və yoxlamaların aparılması metodologiyasının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər hazırlanır, bu sahədə məsləhət xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq nəzərdə tutulur”,- deyə H.Həsənov vurğulayıb.

H.Həsənov onu da əlavə edib ki, narahatlıq doğuran əsas məqamlardan biri də nəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir: "Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77%-i, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur”. (APA)

Xəbər lenti