Xəzər Xəbər

Səfər Mehdiyev Sədərək gömrüyündəki vəziyyətlə tanış olub

İqtisadiyyat | 12:05 • 11 İyun 2018
Səfər Mehdiyev Sədərək gömrüyündəki vəziyyətlə tanış olub

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, iyunun 10-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Sədərək Gömrük İdarəsinin gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə, eləcə də burada aparılan tikinti və yenidənqurma işləri ilə yaxından tanış olublar.


Səfər Mehdiyev gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.


Eyni zamanda, komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsini, gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılan tikinti və yenidənqurma işlərinə, eləcə də lazımi avadanlıqların alınmasına dair Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri və tikinti şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.

Xəbər lenti