Xəzər Xəbər

Azərbaycan Xalq Cümhuriyyətinin neft strategiyası

İqtisadiyyat | 17:11 • 6 İyun 2018
Azərbaycan Xalq Cümhuriyyətinin neft strategiyası

AZƏRTAC-ın xahişi ilə Vergilər Nazirliyindən Azərbaycan Xalq Cümhuriyyəti illərində respublikada neft sənayesi strategiyası sahəsində hökumətin apardığı siyasəti və həyata keçirilən tədbirləri şərh ediblər.


Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesi iqtisadiyyatın aparıcı sahəsi olduğu üçün ölkə parlamenti və hökumət neft hasilatı və emalının mövcud durumunu vaxtaşırı təhlil edir, dünya neft bazarında baş verən hadisələri ciddi araşdırırdı.


Cümhuriyyətin yaradıcıları dərk edirdilər ki, təbii sərvət iqtisadi inkişaf üçün maddi baza rolunu oynasa da, ölkənin gələcək inkişafının məhz bu amildən asılılığı ciddi problemlərə gətirib çıxara bilər. Lakin o dövrdə ölkə iqtisadiyyatının bütünlüklə neftin ixracına bağlılığı, nəyin bahasına olursa-olsun, bu sahənin dirçəldilməsini zəruri edirdi.


Vəziyyət isə heç də ürəkaçan deyildi: neftin əsas istehlakçısı olan Rusiyada vətəndaş müharibəsi başlandığı üçün Azərbaycanın bu bazarı bağlanmış, ixrac sürətlə azalmış, nəticədə "qara qızıl”ın qiyməti son dərəcə aşağı düşmüşdü. Belə bir şəraitdə iqtisadiyyatı bərpa etmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün hökumət, böyük çətinliklərə baxmayaraq, neft sənayesinin inkişafına xüsusi diqqət yetirirdi...


1918-ci il oktyabr 5-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti neft sənayesinin milliləşdirilməsi haqqında xüsusi dekretlə neft mədənlərini, Xəzər ticarət donanmasını, zavod və emalatxanaları bütünlüklə neft sahibkarlarına qaytardı, istehsal edilmiş neftin üçdə iki hissəsini onlara verdi, qalan hissəsini isə öz sərəncamında saxladı. Həmin dekretlə Azərbaycan neftinin Rusiyaya daşınması da qadağan olundu. Beləliklə, həyata keçirilən ciddi tədbirlər nəticəsində 1919-cu ildə ölkənin neft ehtiyatı üç dəfə artaraq, 1920-ci ilin əvvəlində 300 milyon puda çatdı. Yaranmış əlverişli vəziyyət hökumətə qonşu dövlətlərlə sərbəst neft ticarəti aparmaq imkanı verdi.


Həmin sənəddə neft sənayesi üzərində dövlət nəzarətinin tətbiq edilməsi, neft və neft məhsullarının Gürcüstanın Batumi dəniz limanına daşınması və satılması, mal mübadiləsinə icazə verilməsi ilə bağlı müddəalar təsbit edilmişdi.


Neft sənayesinin sürətli inkişafını təmin etmək üçün infrastrukturun təkmilləşdirilməsi tələb olunurdu. Yeni istehsal sahələrinin yaradılması, əlavə quyuların qazılması, hasilatın artırılması zəruri idi. Bütün bu işlər neftçıxarma və neft emalı sənayesinə xidmət edən maşınqayırma və təmir müəssisələrinin təşkilindən başlandı. Görülən tədbirlər çərçivəsində neftçıxarma, neft emalı, neft avadanlıqlarının təmiri və istehsalına xüsusi diqqət yetirilirdi. Neft mərkəzi hesab edilən Bakı şəhərində əhalinin tələbatını ödəmək məqsədilə yüngül və yeyinti sənayesinin, yükdaşıma və şəhər nəqliyyatı təsərrüfatlarının inkişafı xeyli sürətləndirildi.


Həmin dövrdə Bakıda mövcud olan 165 müstəqil neft firmasının özünəməxsus mədənləri, neft emalı zavodları, boru kəmərləri və anbarları vardı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq artmaqda olan idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları fəaliyyətə başladı.


1918-ci ildə Azərbaycanda neft emalının həcmi təxminən 200 min tona endiyindən xaricə neft, əsasən, xammal şəklində ixrac edilirdi. Bu dövrdə Bakının neft təsərrüfatında fəaliyyət göstərən şirkətlər müxtəlif transmilli korporasiyalarda birləşdilər: neft hasilatı, emalı və ixracı ilə Nobel qardaşları və Rusiyanın neft şirkəti məşğul olurdu; neft hasilatı və neftayırma sahələrinin avadanlıqlarla təchizatını ingilis-holland "Şell” tresti yerinə yetirildi. 1920-ci ilin yazında Azərbaycanda hasil edilmiş neft ehtiyatları artıq 300 milyon puda çatdırıldı.


Həmin dövrdə gənc respublikanın dünya ölkələri tərəfindən tanınması, müstəqilliyinin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafının təmin edilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi təxirəsalınmaz strateji vəzifələr kimi xüsusi önəm daşıyırdı. Bu vəzifələrin qısa müddətdə həyata keçirilməsi üçün hökumət Gürcüstan, Türkiyə, İtaliya və Amerika ilə iqtisadi-ticarət əlaqələri yaradır, nağd pul və barter üsulu ilə özünə lazım olan ərzaq məhsulları, hərbi texnika, sənaye və aqrar bölmə üçün müasir avadanlıqları alıb ölkəyə gətirirdi. Fransa və İtaliya ilə aparılan danışıqlar nəticəsində neft məhsulları mübadiləsi yolu ilə ilk dəfə olaraq ölkəyə yüz parovoz, 2000 sistern, 500 vaqon, 1,5 milyon pud buğda və 1 milyon pud şəkər idxal edildi. Azərbaycanın iqtisadi-ticarət əlaqələri yaratdığı ölkələr arasında Gürcüstan və İtaliya mühüm yer tuturdu.


Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlətçilik ənənələri ilə yanaşı, onun neft siyasəti sahəsindəki addımları müasir Azərbaycan üçün də maraqlıdır. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır”.

Xəbər lenti