Xəzər Xəbər

Azərbaycan və SOCAR OPEC-in mötəbər tədbirlərində təmsil olunacaq

İqtisadiyyat | 16:28 • 29 May 2018
Azərbaycan və SOCAR OPEC-in mötəbər tədbirlərində təmsil olunacaq

Azərbaycan ilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) arasında əməkdaşlıq daha da güclənir. Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin (OPEC+) əməkdaşlığına göstərdiyi dəstəyə görə çox məmnunuq.


Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.


"Bu il iyunun 21-22-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcəyəm. Azərbaycan iclas çərçivəsində keçiriləcək OPEC-in VII Beynəlxalq Seminarında da təmsil ediləcək. İştirakçılar arasında SOCAR-da olacaq. Seminarda nazir Pərviz Şahbazovun çıxışı da gözlənilir”, - deyə Məhəmməd Barkindo bildirib.


O, bu ilin mart ayında Bakıda olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırlayaraq qeyd edib ki, dövlətimizin başçısı həmin görüşdə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığına olan davamlı dəstəyini bir daha bəyan edib.


Səudiyyə Ərəbistanı və Rusiyanın OPEC və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi çərçivəsindəki əməkdaşlığı barədə suala cavabında isə M.Barkindo bildirib: "Həmin ölkələr, yəni Səudiyyə Ərəbistanı və Rusiya OPEC və qeyri-OPEC ölkələrinin "Əməkdaşlıq Bəyannaməsi”nin əsas sütunlarıdırlar”.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Xəbər lenti