Xəzər Xəbər

Aksizsiz malların satışı ilə bağlı hansı cəzalar nəzərdə tutulub?

İqtisadiyyat | 09:19 • 28 May 2018
Aksizsiz malların satışı ilə bağlı hansı cəzalar nəzərdə tutulub?

Məlumdur ki, aksizsiz malların istehsalı, idxalı və satışı ilk növbədə qaçaqmalçılığın və "kölgə iqtisadiyyatı”nın genişlənməsinə şərait yaradır. Belə halların qarşısını almaq məqsədilə Vergilər Nazirliyi tərəfindən hansı inzibati tədbirlər görülür?


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin baş direktoru Xəqani İsgəndərov AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, aksizsiz malların istehsalı, idxalı və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Odur ki, bu cür məhsulların satışı halları az miqdarda (500 manatadək) aşkar edildiyi halda, inzibati cərimələr tətbiq olunur.


Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən, aksiz markası olmayan məhsulların az miqdarda satılmasına, satış məqsədilə saxlanılmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir.


"Əgər belə məhsullar xeyli (500-2000 manat) və ya külli miqdarda (2000 manatdan yuxarı) aşkar edilərsə, bu zaman məsuliyyət Cinayət Məcəlləsi ilə tənzimlənir. Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulları xeyli miqdarda istehsal etmə, satma və idxala görə 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər külli miqdar təşkil etməklə, eləcə də təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir”.


Baş direktor qeyd edib ki, Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bu sahədə nəzarət tədbirlərini davam etdirəcək. Bununla yanaşı, bu məsələdə dövlət orqanları, o cümlədən vergi orqanı əməkdaşları ilə birlikdə cəmiyyətin hər bir üzvü maraqlı olmalıdır. İnsanlar öz sağlamlıqları naminə saxta məhsulların satışına mane olmalı, belə hallara yol verənlər barədə müvafiq orqanları məlumatlandırmalıdırlar. İstər saxta aksizlərin, istərsə də digər cinayətlərin aşkara çıxarılmasında ictimaiyyət hüquq-mühafizə orqanları və digər təşkilatlarla birlikdə fəaliyyət göstərməlidir.

Xəbər lenti