2018-ci ilin dövlət
büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək
olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr
aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin
artırılacağı gözlənilir.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, neftin orta qiymətinin
75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir
deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə
proqnozlaşdırıldığından əlavə daxilolmalara vəd edir.
"Neftin
mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının
artacağı da proqnozlaşdırılandır. 2018-ci ilin dövlət büdcəsinin
xərclərinin əvvəlki il ilə müqayisədə 3 milyard manata yaxın çox
proqnozlaşdırıldığını nəzərə alsaq büdcə sənədinə ediləcək
dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil.
Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin
büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək
müəyyənləşdirilməsi büdcəyə daxil olmaları daha çox artıra bilər.
Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha
məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar
qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandırıcıdır".
İqtisadçı
büdcəyə əlavə ediləcək vəsaitin hansı istiqamətə xərclənməsinin daha
məqsədəyğun olacağına diqqət çəkib: "Əvvəllər də təklif etdiyimiz kimi,
bank sektorunun sağlamlaşdırılması, əhalinin xərclərinin azaldılması
üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan
fərqin bir hissəsinin kompensasiyası üçün bu istiqamətə vəsaitin
ayrılması daha məqsədəuyğun olardı. Bu baxımdan da, daha məqbul hesab
edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir".
Ekspert,
həmçinin qeyd edib ki, CESD 2015-ci ildə xarici valyutada olan
kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paketi hazırlayaraq
hökumətə təqdim edib.
"Biz
üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üç tərəfli güzəşt”
mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri
arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan
fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri
özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf
yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər
müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o
zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə
ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır,
çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq
yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə
vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət
də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu
mexanizmin özəlliyi ondan ibarətdi ki, burada tərəflərin heç birinə
ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki,
problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün
olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi
həll etmək imkanına malik olur. Problemli kredit probleminin həlli üçün
düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədə uyğun olardı".
V.Bayramov əlavə edib ki, ABŞ-da
qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin,
eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi
proqram qəbul edilib:
"Həmin proqram çərçivəsində dövlət
banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı,
onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin
proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar
güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub.
Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ
da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə
isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də
Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik.
Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və
problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu
mexanizminin maliyyələşdirilməsi üçün büdcəyə ediləcək dəyişikliklərdə
xərcin nəzərdə tutulması daha məqsədəuyğun olardı".