Xəzər Xəbər

Ötən il vahid xəzinə hesabının qalığından əldə olunan gəlirlər uçota alınmayıb

İqtisadiyyat | 15:36 • 22 May 2018
Ötən il vahid xəzinə hesabının qalığından əldə olunan gəlirlər uçota alınmayıb

2017-ci ildə "Büdcə sistemi haqqında” qanunun 19.5-cı maddəsinin tələblərinə əsasən vahid xəzinə hesabının qalığı Dövlət Neft Fonduna idarəetməyə verilib.


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, bu idarəetmədən dividendlər hesablanıb, lakin "Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi” qaydalarının tələblərinə tam riayət edilməyərək əldə olunan gəlirlər hesablaşma hesabına köçürülməyib, dövlət büdcəsi daxilolmalarının "sair gəlirlər”ində uçota alınmayıb.

V.Gülməmmədov qeyd edib ki, dövlət büdcəsi gəlirlərinin tərkibində büdcədənkənar daxilolmalar da aşağı icra səviyyəsi ilə xarakterizə olunur.

"İllər üzrə dinamika, həmçinin aparılmış nəzarət tədbirləri bu sahədə proqnozların tərtibi zamanı mövcud potensialın nəzərə alınmasının, icrası zamanı isə həmin potensialın reallaşdırılması üçün fəaliyyətin gücləndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir", - deyə V.Gülməmmədov vurğulayıb. (APA)

Xəbər lenti