Sosial mənzillərin
satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri
ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni
mexanizmlərinin tətbiqi daha da aktuallaşıb.
Aydındır ki, güzəştli mənzil seçimində "first-come, first-served”
prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil. Belə
görsənir ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox
üstünlüyə malikdir.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir
ki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır
və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac
var:
"Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində
uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial
evə sahib olmaqdan mərhum olur. Bu təbii ki, sosial ədalət prinsipinə
uyğun deyil. Nəyi təklif edirik? Güzəştli kateqoriya prinisipi
saxlanılmaqla "çevik seçim” mexanizmdən sosial meyarlara keçid həyata
keçirilməlidir. Təxminən 8 minə yaxın vətəndaşımız sosial mənzilə sahib
olmaq istəyir. Daha məqsədə uyğun olardı ki, Mənzil İnşaatı Dövlət
Agentliyi müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları
müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq
qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan
vətəndaşlar evlə təmin edilməlidir".
V.Bayramov
qeyd edib ki, birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə
başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına
mənzillər təklif edilə bilər: "Xüsusən də himayəsində azyaşlı uşaqları
olan, həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə
uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı
olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi
vacibdir. Çox uşaqlı evi olmayan aztəminatlı ailələr də prioritet qrupa
daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli
mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil
bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə
müəyyənləşdirilməsinə ehtiyac var".