Danimarkanın "Maersk
Tankers" naviqasiya şirkəti ABŞ sanksiyalarının bərpası ilə əlaqədar
İrana yük gəmilərinin göndərilməsini dayandırıb və qüvvədə olan bütün
müqavilələri 4 noyabradək ləğv edəcək. Danimarkanın digər naviqasiya
şirkəti "Torm" isə payızadək gözləmədən İrandakı bütün biznesini indidən
bağlayıb.
Vaşinqtonun Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun "İrana qarşı tətbiq etdiyimiz sanksiyalar rejimini pozan Avropa şirkətlərinə münasibətdə əlavə məhdudlaşdırıcı tədbirlər və cərimələr irəli sürülə bilər” deməsi Avropa şirkətlərinin artıq İranı tərk etməsinə səbəb olub.
AFP-nin
məlumatına görə, uzun illərdir ki, neft və qaz istehsalı üçün Tehranı
texniki avadanlıqla təchiz edən, iqtisadiyyatın bir çox sahələrində
fəaliyyət göstərən nəhəng Avropa şirkəti "Siemens" də İranlı
müştərilərindən yeni sifarişlər götürməyəcək. Bu barədə "Siemens"
şirkətinin baş direktoru Co Kezer CNN-ə müsahibəsində deyib.
Fransanın neft-qaz nəhəngi "Total" da İranla əməkdaşlığı dayandırır. "Şirkət "Cənubi Pars” layihəsində iştirakını davam etdirə bilməyəcək.
"ABŞ
sanksiyaları səbəbindən layihə ilə bağlı bütün əməliyyatlar 2018-ci il
noyabrın 4-dək dayandırılacaq” – deyə "Total"ın bəyanatında bildirilib.
Qeyd
edək ki, "Total" "Cənubi Pars” layihəsinə artıq 50 milyon dollar
sərmayə yatırıb. Layihənin ümumi dəyəri isə 2 milyard dollardır. Qərb
mətbuatı yazır ki, Vaşinqtonun sanksiyalarından, xüsusən də ABŞ maliyyə sistemindən uzaqlaşdırılmaq Avropanın
iri şirkətləri üçün indi ziyana düşəcəkləri milyardlarla dollardan daha
təhlükəlidir. Çünki, məsələn, "Total"ın maliyyə əməliyyatlarının 90
faizindən çoxunu ABŞ bankları ilə aparır.
Çinin
CNPC dövlət şirkəti isə artıq bəyan edib ki, "Cənubi Pars” layihəsində
"Total"ın malik olduğu 50,1 faiz səhmlərin hamısını almaq niyyətindədir.
Qərb mətbuatında bütün bunlar biznesmenlərin avropalı siyasətçilərə
güvənməməsi ilə izah edilib.
Xatırladaq ki, İranla nüvə sazişindən çıxdıqdan sonra ABŞ-ın Maliyyə Nazirliyi
iki mərhələdə: avqustun 6-sı və noyabrın 4-də Tehrana qarşı enerji,
maliyyə və iqtisadi sanksiyaları rəsmən bərpa edəcəklərini açıqlayıb.
Mayın 15-də Brüsseldə toplaşan Avropa ölkələri isə İrana zəmanət veriblər ki, ABŞ sanksiyalarına baxmayaraq, nüvə razılaşmasında qalan Tehranın iqtisadi zərərlə üzləşməməsi üçün tədbirlər görəcəklər.