Xəzər Xəbər

Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur

İqtisadiyyat | 15:10 • 11 May 2018
Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur

Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, agentlik tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomobil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası nəticəsində ötən il ərzində 98 kilometr uzunluğunda 10 qəsəbələrarası avtomobil yolu layihəsi icra olunub.


Bu il icrası reallaşdırılacaq 11 qəsəbələrarası avtomobil yolu layihəsindən daha biri Qaradağ rayonunda yerləşir. Bu, 13,8 kilometr uzunluğa malik Lökbatan-Qızıldaş avtomobil yoludur.


Əsaslı şəkildə təmir olunmadan uzun illər istismar edilməsi, əsasən ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğrayıb, qabarma və çalalar əmələ gəlib. Bu isə vətəndaşların gediş-gəlişində çətinliklərə səbəb olub. Buna görə də, dövlət agentliyi tərəfindən yolun əsaslı şəkildə təmirinə start verilib.


Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.


Artıq yolun 4,7 kilometrlik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1,4 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.


Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işləri yolun təqribən 100 min kvadratmetr sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton borular quraşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işlərindən sonra yolboyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.


Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişindaşıma asanlaşacaq, 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Xəbər lenti