Xəzər Xəbər

Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsi həyata keçiriləcək

İqtisadiyyat | 14:29 • 8 May 2018
Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsi həyata keçiriləcək

İran Azərbaycan ilə energetika sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına önəm verir.


Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın energetika naziri Rza Ərdakanian deyib.


Nazir nəzərə çatdırıb ki, Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərindən cəmi bir ay keçməsinə baxmayaraq hər iki dövlətin müvafiq qurumları arasında enerji mübadiləsi haqqında razılıq əldə edilib ki, bu da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini deməyə əsas verir.


Onun sözlərinə görə əldə edilmiş razılığa əsasən cari ilin yayında Azərbaycan ilə İran arasında 800 meqavatt elektrik enerjisi mübadiləsi həyata keçiriləcək. Elektrik enerjisinə olan tələbatın artmasını nəzərə alaraq İran Azərbaycandan 180 meqavatt elektrik enerjisini idxal edə bilər.


Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə mayın 7-də keçirdiyi görüşə toxunan R.Ərdakanian bildirib ki, görüşdə bərpa olunan alternativ enerji mənbələrinin işlənməsi sahəsində də əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub. Bununla yanaşı "Xudafərin” və "Qız qalası” hidroqovşaqları, eyni zamanda, "Ordubad” və "Marazad” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb və aparılan işlərin sürətləndiriləsinin vacibliyi vurğulanıb.


R.Ərdakanian nəzərə çatırıb ki, görüşdə, həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib. Nazir bu dəhlizin yaradılmasının İran ilə Azərbaycanın enerji sistemlərinin inkişafına təkan verəcəyini bildirib.

Xəbər lenti