Xəzər Xəbər

Avtoyürüş iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər - FOTO

İqtisadiyyat | 15:09 • 7 May 2018
Avtoyürüş iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər -

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan başlayan avtomobil yürüşünün iştirakçıları mayın 7-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından Rusiyaya yola salınıblar.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dostluq avtoyürüşü aprelin 28-də start görürüb və dörd ölkəni –Hindistan, İran, Azərbaycan və Rusiyanı əhatə edir. Yürüşdə Hindistanın "Kalinqa” Avtomobil İdman Klubuna məxsus avtomobillər iştrak edir. Yürüş iştirakçıları Hindistandan İranın Bəndər-Abbas limanına dəniz yolu ilə çatıblar. Pilotlar İran ərazisindən keçərək mayın 5-də Azərbaycanın Astara rayonu ərazisinə daxil olub, daha sonra Lənkəran şəhərindən Bakıya doğru yürüş ediblər.


Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıdan yolasalma mərasimindəki çıxışında qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələr arasında yeni marşrutdur və bütün regiona investisiya, inkişaf gətirəcək. Səfir tədbirin ərsəyə gəlməsində oynadığı rola görə Azərbaycan Avtomobil Federasiyasında təşəkkürünü bildirib.


İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün böyük əhəmiyyətə malik olduğunu, ölkələr və xalqlar arasında dostluğun simvoluna çevrildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, gənclərin dostluq şəraitində keçirdiyi bu avtoyürüş bölgədə sülhün və əmin-amanlığın bütün ölkələrin arzusu olduğunu nümayiş etdirir.


Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev bildirib ki, bu beynəlxalq nəqliyyat dəhlizi təkcə infrastrukturun, iqtisadiyyatın deyil, həm də xalq diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir. Səfir deyib ki, avtoyürüşün bir sıra əhəmiyyətli hadisələrlə üst-üstə düşməsi rəmzi məna daşıyır. Belə ki, bu il Rusiya ilə Hindistan arasındakı diplomatik əlaqələrin 70 illiyi qeyd olunur. Həmçinin bu günlərdə Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, eyni zamanda, 9 May - faşizm üzərində Qələbə Günü qeyd edilir.


Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilən digər avtomobil yarışları ilə də eyni vaxta düşməsi sevindirici haldır. Anar Ələkbərov bu günlərdə Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyini və yaxın zamanlarda kartinq yarışlarının planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, avtomobil həvəskarları bu yürüşü Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmini vurğulamaq, həmçinin dövlətlərarası münasibətlərin inkişafına töhfə vermək məqsədilə təşkil ediblər.


Bildirilib ki, mühüm çoğrafi mövqeyə malik, beynəlxalq nəqliyyat marşrutunun üzərində yerləşən Azərbaycan üçün qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafı baxımından da bu layihə böyük əhəmiyyətə malikdir.


Qeyd edək ki, yürüş iştirakçıları mayın 6-da Bakıda "Atəşgah” məbədi, İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.


Bu gün Bakıdan yola düşən pilotlar Qusar rayonunun Samur sərhəd-keçid məntəqəsindən keçərək Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəklər.

Xəbər lenti