Xəzər Xəbər

FAO: dünyadakı torpaqların 33 faizi kənd təsərrüfatı üçün yararsızdır

İqtisadiyyat | 18:15 • 4 May 2018
FAO: dünyadakı torpaqların 33 faizi kənd təsərrüfatı üçün yararsızdır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, eroziya, hermetikləşmə, şoranlaşma, üzvi maddələrin yuyulması, oksidləşmə, çirklənmə və digər zərərli hadisələr nəticəsində dünyadakı torpaqların təqribən 33 faizi dövriyyədən çıxıb.


Digər tərəfdən, FAO bildirir ki, torpağın bir santimetr qalınlığında üst qatının təbii şəkildə yaranması üçün təxminən min il vaxt lazımdır. Sağlam torpaq bərpa olunmayan qiymətli resursdur, lakin insanın dağıdıcı rəftarı torpaq üçün böyük təhlükə doğurur. Torpaq bizə qida, su, və təmiz hava verir. Onun vəziyyətinə görə biz məsuliyyət daşıyırıq. Torpaqların sağlamlaşdırılması üçün elə bu gün tədbir görməliyik.


Hazırda torpağın sürətlə deqradasiyaya uğraması gələcək nəsillərin ən ümdə tələbatını təmin etmək imkanını təhlükə altına alır. Axı bizim qidalarımızın 95 faizi bilavasitə və dolayı şəkildə torpaqdan alınır. Proqnozlara görə, 2050-ci ildə planetimizin əhalisinin sayı 9 milyard nəfərdən çox olacaq. Bəşəriyyəti ərzaqla təmin etmək üçün yeganə mümkün yol - məhsuldarlığı artırmaq, mövcud torpaqlarda becərilən məhsulun keyfiyyətini yaxşılaşdırmaqdır.


Torpaq bir növ süzgəc rolu oynayaraq hər il on minlərlə kub kilometr həcmində suyu təmizləyir. Karbonla zəngin olan torpaq karbon-2-oksidi və digər parnik qazlarını mənimsəməyə kömək edir, iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm rol oynayır.


FAO kənd təsərrüfatının zərərli üsullarla idarə olunmasından imtina etməyə, o cümlədən antibiotiklərdən sui-istifadə etməməyə çağırır, çünki antibiotiklər torpağa hoparaq ətraf mühitdə yayıla bilir. Nəticədə mikroblar əleyhinə preparatlara davamlı bakteriyalar yaranır. Belə bakteriyalarla yoluxma nəticəsində dünyada hər il 700 minə yaxın insan ölür.

Xəbər lenti