Xəzər Xəbər

Azərbaycandakı iş adamları yeni şura yaradır

İqtisadiyyat | 14:56 • 3 May 2018
Azərbaycandakı iş adamları yeni şura yaradır

Bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib. Bu barədə "Report”a görüşdə iştirak edən iş adamları məlumat verib.

Məlumata görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

Bundan əlavə nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

M.Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların Nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

Qeyd edək ki, bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.

Xəbər lenti