Xəzər Xəbər

Massaçusets Texnologiya İnstitutu Azərbaycanda startap və gənc sahibkarlığın inkişafı fondunu təsis edib

İqtisadiyyat | 11:59 • 3 May 2018
Massaçusets Texnologiya İnstitutu Azərbaycanda startap və gənc sahibkarlığın inkişafı fondunu təsis edib

"SOCAR AQŞ” MMC-nin dəstəyi ilə Massaçusets Texnologiya İnstitutu (MIT) Azərbaycanda startap və gənc sahibkarlığın inkişafı fondunu təsis edib.


SOCAR-dan bildirilib ki, SOCAR AQŞ dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə birgə MIT-Azərbaycan Fondunun yaradılmasına dair razılaşma imzalayıb. Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompyuter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Bu məqsədlə MIT-Azərbaycan Fondu Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Proqramı çərçivəsində Azərbaycanda Qlobal Startap Laboratoriyasının yaradılmasını və fəaliyyətini dəstəkləyəcək. Sazişi MIT-nin maliyyə məsələləri üzrə vitse-prezidenti İsrael Ruiz və "SOCAR AQŞ” MMC-nin baş direktoru Ramin İsayev imzalayıb.


İlk MIT-Azərbaycan Qlobal Startap Laboratoriyası 2018-ci ilin yayında "ADA” Universitetində təşkil olunacaq. Proqramın "ADA” Universitetində təşkil edilməsi ilə bağlı qərar MIT nümayəndəsinin 2017-ci ildə Bakıya səfəri zamanı ali təhsil müəssisələri arasında apardığı qiymətləndirmə missiyası əsasında müəyyənləşdirilib. İştirakçıların seçim prosesi MIT-in müsabiqə komissiyası tərəfindən həyata keçiriləcək. Müsabiqədən uğurla keçən gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MIT-in qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.


Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) proqramının Avrasiya üzrə fakültə rəhbəri, professor Elizabet Vud bildirib: "MIT dünyada innovativ texnologiya və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsində mühüm rol oynamaqdan qürur duyur. MIT-Azərbaycan Qlobal Startap Laboratoriyası vasitəsilə biz, ən yaxşı təcrübə və müasir yanaşmaları tətbiq etmək, Azərbaycanın startap və innovasiya ekosistemlərinin inkişafına təkan vermək niyyətindəyik”.


"ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev deyib: "MIT və "SOCAR AQŞ” MMC arasında təşəkkül tapan bu mühüm əməkdaşlıq sayəsində "ADA” Universitetinin İnnovasiyalar Mərkəzi öz startap və innovasiya imkanlarını əhəmiyyətli şəkildə təkmilləşdirə biləcək. Bu əməkdaşlıq ölkənin startap ekosisteminin inkişafı üçün çox mühüm töhfədir”.


SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev isə qeyd edib ki, Azərbaycanın gənc və böyük sahibkarlıq potensialına malik əhalisi var: "Ölkəmizdə innovativ iqtisadiyyat sahələrini gücləndirmək üçün startap ekosisteminin dirçəldilməsinə böyük ehtiyac var. SOCAR AQŞ bu istiqamətdə ölkəmizə verdiyi töhfəsi ilə qurur duyur”.


Layihədə iştirak etmək istəyən tələbələr mayın 29-dək aşağıdakı veb səhifəyə daxil olaraq rəsmi müraciət etməlidirlər: http://gsl.mit.edu/program/azerbaijan-summer-2018/


SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Təqaüdü təsis edilmişdir. SOCAR AQŞ-nin səhmdarları SOCAR və "Nobel Oil Services” şirkətləridir.

Xəbər lenti

Çox oxunanlar