Ölkə başçısı İlham
Əliyev regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda
bir sıra həlli vacib məsələlərin icrası ilə bağlı tapşırıqlar verib.
XəzərXəbər-in
məlumatına görə, bu barədə "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni
Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir:
"Daşkəsən, Göyçay, Qəbələ
şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici
qurğunun tikintisini başa çatdırmağı da hədəfləmişik. Bu il daha bir
şəhərdə - Qazaxda
su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq
şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.
2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək
prospekti, Təbriz və Mir Cəlal küçələrində avtomobil yollarının yenidən
qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı
vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə
tutulur".
O, qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə
yeni layihələr icra olunacaq: "Artıq bu istiqamətdə işlərə başlanılıb,
kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir.
Abonentlərə göstərilən müştəri xidmələrinin keyfiyyətinin yüksəldilməsi,
əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam
etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron
xidmət abonentlərin işini daha da asanlaşdıracaq.Ümidvarıq ki, əhalinin
içməli su ilə təmin edilməsi və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması naminə həyata keçirdiyimiz tədbirlər
əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır".