Kənd Təsərrüfatı
Nazirliyi son günlər ölkə üzrə hava şəraitinin qeyri-sabit keçməsinin
meyvə-tərəvəz qıtlığına səbəb olacağı ilə bağlı məlumatlara münasibət
bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuəli Hacıyev AzVision.az-a bildirib ki, havaların yağışlı keçməsi taxıl, yazlıq tərəvəz əkinləri üçün əlverişlidir.
"Taxıl əkinləri, xüsusilə dəmyə əkinləri üçün yağış əlverişlidir.
Hazırda taxılın inkişafı boruya çıxma və sünbülləmə fazasının arasıdır.
Bu fazada taxılın suya daha çox ehtiyacı olduğu dövrdür. Yağış torpaqda
nəmliyin, rütubətin toplanmasına şərait yaradır. Yazlıq bitkilər üçün
səpilmiş sahələrə də yağışların olması xeyli dərəcədə müsbət haldır.
Yağış cücərtilərin tez alınmasına, bitkilərin inkişafına müsbət təsir
göstərir”.
M.Hacıyev, həmçinin vurğulayıb ki, dağlıq, dağətəyi bölgələrdə hava
şəraitinin uzun müddət şaxtalı keçməsi meyvəçiliyə mənfi təsir göstərə
bilər: "Hər bitkinin özünün bioloji xüsusiyyətləri var. Temperatur 5
dərəcədən yuxarı olarsa, bu, ağacın meyvəsinə təsir edə bilər. Hazırda
ciddi fəsad yoxdur. Aran bölgələrində ağacların çiçəkləmə fazası gedir.
Amma dağlıq, dağətəyi zonalarda çiçəkləmənin başlanğıc fazasıdır.
Rayonlarla tez-tez əlaqə saxlayırıq, bizə fəsadlarla bağlı informasiya
daxil olmayıb. Kənd təsərrüfatı riskli sahədir və havadan sığrotalanmır. Hələlik soyuq havanın təsirindən danışmaq tezdir”.