Xəzər Xəbər

Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb

İqtisadiyyat | 11:37 • 18 Aprel 2018
Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb

İqtisadiyyat naziri, Azərbaycanla İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.


Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, görüşdə Ş. Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan rezidenti İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb.

Bildirilib ki, İlham Əliyev hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir. "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və biznes forumlar keçirilir və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırılıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir. İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr reallaşdırılır. İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Ammanın 2018-ci ilin iyulunda Azərbaycana nəzərdə tutulan səfəri zamanı da biznes forumun keçirilməsi, səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur. Azərbaycanın nəqliyyat-tranzit imkanları Çində təqdim edilib, Ələt Limanının tikintisi başa çatmaq üzrədir və İsveçrə iş adamlarının limana səfərinin təşkili əhəmiyyətli olacaq,” – deyə Ş. Mustafayev bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran Ş. Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməsinin yolverilməz olduğunu səfirin diqqətinə çatdırıb.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri F. Ştalder ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yoluna, "Bir yol, bir kəmər” layihəsinə maraq göstərdiyini bildirib, əməkdaşlıq imkanlarına, eləcə də nazir Yohan Şnayder-Ammanın ölkəmizə nəzərdə tutulan səfərinə və təşkil ediləcək biznes foruma dair fikirlərini bölüşüb. Səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan F. Ştalder səfər zamanı Sumqayıt Kimya Sənaye Parkında inşa olunan və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif edib.

Xəbər lenti