Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən XəzərXəbər-ə
verilən məlumata görə, bu hərraca müxtəlif çeşidli 90 dövlət əmlakı
çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u
istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olub.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə,
qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olub.
Hərracda özəlləşən əmlaklar investorlar üçün potensial gəlir mənbəyidir. Belə müəssisələrdən biri Bakının
Binəqədi rayonunda yerləşən 69 saylı avtodayanacaqdır. Torpaq sahəsinin
1000 kv.m-ə yaxın olması obyektin iqtisadi rentabelliyini artıran
amillərdəndir. Alıcı investisiya qoymaqla obyektin fəaliyyətini öz
sahəsi üzrə, həmçinin digər sahələrdə də istifadə edə bilər.
Bundan başqa, özəlləşən Səmədabad kənd klubu da sahibi üçün qazanclı əmlakdır. Goranboy
rayonunda yerləşən obyektin ümumi faydalı sahəsi 140 kv.m-ə yaxın,
torpaq sahəsi isə 150 kv.m-dən çoxdur. Alıcı sərmayə yatırmaqla həmin
obyektin fəaliyyətini genişləndirmək imkanına malikdir. Eyni zamanda
əmlakın profilini dəyişməklə digər iqtisadi sahələrdə fəaliyyətini təmin
edə bilər.
Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakıda, Abşeronda
və Sumqayıtda yerləşir. Paytaxtın Səbail rayonunda olan, ümumi faydalı
sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ofis üçün olduqca
əlverişlidir. Bundan başqa, Nərimanov rayonunda yerləşən, ümumi faydalı
sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sektorunda
sahibi üçün gəlir gətirə bilər. Regionlar üzrə özəlləşən qeyri-yaşayış
sahələri də investor üçün kifayət qədər yararlıdır. Sumqayıtda olan,
ümumi faydalı sahəsi 327 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin
fəaliyyəti də xidmət sferasında uğurlu ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən növbəti hərrac mayın 1-də keçiriləcək. Həmin hərraca 199
dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik
dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat
vasitəsidir.