Xəzər Xəbər

Yüksək Texnologiyalar Parkının məhsulları "Azexport" vasitəsilə ixrac olunacaq

İqtisadiyyat | 12:09 • 16 Aprel 2018
Yüksək Texnologiyalar Parkının məhsulları "Azexport" vasitəsilə ixrac olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) "Azexport"la əməkdaşlığın yeni mərhələsinə start verib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, YTP-nin istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulları barədə məlumatı "Azexport" portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb. "Azexport" portalının rəhbəri Zaur Qardaşovun YTP-nin direktoru Vüqar Babayev ilə apardığı danışıqlarda "Millers Oils" və "TSZ" markası altında istehsal edilən yağların "Azexport"da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.


YTP-nin məhsullarının keyfiyyəti yerində təşkil olunmuş laboratoriyada nəzarətdən keçirilir ki, bu da xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır. Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilər. Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.


Zaur Qardaşov bildirib ki, "Azexport" portalının araşdırmalarına görə, sürtgü və motor yağları üçün yaxın illərdə xarici bazarlarda marketinq strategiyası düzgün qurulacağı təqdirdə Azərbaycan illik 500 milyon ABŞ dolları həcmində müxtəlif növ motor və sürtgü yağları ixrac edə bilər. AMEA YTP-nin digər yerli və beynəlxalq bazarlarda maraqlı olacaq məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20 faiz artır. Bu məhsul haqqında məlumatın da portalda yerləşdirilməsi və eyni zamanda, beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib. Digər əldə olunmuş razılığa əsasən, dronların "Azexport"un Azərbaycan daxili azhəcmli çatdırılmalarında test sınaqları keçiriləcək.


Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı, Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC, "Elm və Texnologiya Parkı" MMC, "AGRO Bio Eco Tech" MMC, "EPC Group" MMC, "DN TECHNOLOGIES" MMC və "Alqoritmika" MMC. Bu rezidentlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.


Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Xəbər lenti