Xəzər Xəbər

Qeyri-OPEC ölkələrinin neft təklifi bu il gündəlik 1,8 milyon barrel artacaq

İqtisadiyyat | 17:02 • 14 Aprel 2018
Qeyri-OPEC ölkələrinin neft təklifi bu il gündəlik 1,8 milyon barrel artacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft təklifinin bu il gündəlik 1,8 milyon barrel artacağı proqnozlaşdırılır.


AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, buna səbəb ABŞ-da neft istehsalının kəskin artmasıdır.


IEA cari il üçün qlobal neft təklifinə dair proqnozunu isə dəyişməyib. Agentlik qlobal təklifin sutkalıq 1,5 milyon barrel olacağını nəzərdə tutur.


"OPEC və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair saziş qlobal ehtiyatların hədəflənən səviyyəyə düşməsinə müvəffəq olub. Hazırda da tətbiq olunan hasilatın azaldılması üzrə razılaşmanın təsiri ilə fevral ayının sonunda qlobal neft ehtiyatları daha 26,5 milyon barrel azalıb. Bu, son 5 illik orta göstəricidən yalnız 30 milyon barrel çoxdur. May ayında ehtiyatların 5 illik orta göstəriciyə çatacağı nəzərdə tutulur”, - deyə hesabatda qeyd olunur.


Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Xəbər lenti