Xəzər Xəbər

Kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb

İqtisadiyyat | 14:00 • 30 Mart 2018
Kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb

"Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və "Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə (TK 07) tərəfindən ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bunlar "Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri”, "Orqanik qida məhsulları. Termin və təriflər” və "Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihələridir.

"Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri” standart layihəsi orqanik istehsal məhsulları olan bitki, heyvan, mikrob mənşəli materiallara, həmçinin, təbii balıqçılığa, emal və təkrar emal edilmiş halda, insanın qidasında istifadə edilən, heyvanlar üçün yem kimi istifadə edilən əkilmiş və səpilmiş materiallara aid edilir və onların istehsalı (hazırlanması), saxlanılması və nəql edilməsi tələblərini müəyyən edir.

"Orqanik qida məhsulları. Termin və təriflər” standart layihəsi orqanik qida məhsulları və orqanik istehsal tələblərinə cavab verən, orqanik kənd təsərrüfatı, meşə təsərrüfatı, su ekosistemləri və arıçılıq təsərrüfatı mənbələrindən istehsal edilmiş, orqanik məhsullar və onların emal məhsullarının istehsalı, tərkibi və xüsusiyyətləri sahəsində termin və tərifləri müəyyən edir.

"Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihəsi ərzaq məhsulları bazarında istehlakçıların bu sahədə aldadılmasının və onların saxta məhsullardan qorunmasının mexanizmlərini müəyyən edir.

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış standart layihələri rəy alınması üçün aidiyyəti qurumlara təqdim olunub.

Xəbər lenti