2018-ci ilin fevralında Bakıda daşınmaz əmlak bazarında qiymətlər indeksi 1,75 faiz artıb.
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş
direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin
sözlərinə görə, ay ərzində ilkin mənzil, torpaq, eləcə də kommersiya
obyektlərinin icarəsinin qiymətləri qalxıb: "Fevral ayında ilkin mənzil
bazarında qiymətlər 1,55 faiz, torpaq bazarında 1,99 faiz, kommersiya
obyektlərinin icarəsi bazarında isə 1,83 faiz artıb. Bununla yanaşı qeyd
etmək lazımdır ki, ikinci mənzil bazarında qiymətlər 2,13 faiz, mənzil
icarəsi 4,2 faiz, kommersiya obyektləri bazarında 3,69 faiz azalıb”.
O,
qeyd edib ki, 2018-ci ilin əvvəlindən daşınmaz əmlak bazarında
qiymətlər 3,22 faiz artıb. Onun sözlərinə görə, bu, ilkin mənzil
bazarında mənzillərin qiymətinin artması ilə əlaqədardır: "İlin
əvvəlindən ilkin mənzil bazarında qiymətlər 9,5 faiz artıb. Bundan başqa
torpaq bazarında 2,72 faiz, kommersiya obyektləri bazarında 0,36 faiz
və bu obyektlərin icarəsi bazarında 4,75 faiz artım müşahidə olunub.
Eyni zamanda ilin əvvəlindən ikinci mənzil bazarında qiymətlər 1,63 faiz
azalıb. Mənzil icarəsi bazarında qiymətlər dəyişməyib”.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə 2018-ci ilin birinci rübündə daşınmaz əmlak bazarında 3-4 faiz artım gözlənilir.