Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 17-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən XəzərXəbər-ə verilən məlumata görə, budəfəki hərraca 90 dövlət əmlakı çıxarılıb.
Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz
qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraca
çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida,
toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.
Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 25 kvadratmetr ilə 9 297
kvadratmetr arasında dəyişir. Prosesə çıxarılan kiçik dövlət müəssisəsi
və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.
Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi
aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Xaçmaz, Qusar, Ağdaş və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar "Kərpic sexi”, Astarada yerləşən "Azərbaycan" kinoteatrı, Şəmkir Balıq Zavodu kimi iri dövlət əmlakları var.
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir
Balıq Zavodu belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı
sahəsi 350 kvadratmetrə yaxın, torpaq sahəsi isə 4 mindən çoxdur.
Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından
mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi
balıq, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın
ödənilməsinə öz töhfəsini verə bilər.
Bakının
Qaradağ rayonunda yerləşən 10 saylı iaşə obyektinin ümumi faydalı
sahəsi 600 kvadratmetrdən çox, torpaq sahəsi isə 700 kvadratmetrə
yaxındır. Bundan başqa, özəlləşdirilməyə çıxarılan klub və mədəniyyət
evlərinin satış qiyməti o qədər də baha deyil. Ağdaş
rayonunda yerləşən "Bulaqotağı” kənd klubu 7 min 200 manata özəlləşməyə
çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 100 kvadratmetrdən çox, torpaq
sahəsi isə 200 kvadratmetrdir. Hərraca qoşulmaq istəyənlər öncədən 720
manat beh ödəməlidirlər.
Goranboy
rayonunda yerləşən Səmədabad kənd klubu daha sərfəli qiymətə
özəlləşməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiymətin 3 min
600 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 132,5 kvadratmetr,
torpaq sahəsi 150 kvadratmetrdən çoxdur. Özəlləşdirilməyə çıxarılan
istifadəsiz qeyri-yaşayış sahəsindən isə 26-sı paytaxtda, qalanları isə
Sumqayıtda, Mingəçevirdə, Abşeronda yerləşir. Belə əmlakların sahəsi 25 kvadratmetr ilə 327 kvadratmetr arasında dəyişir.
Hərraca
çıxarılan avtomobillərin isə buraxılış tarixi 2008-2009-cu illəri əhatə
edir. Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı
komitənin rəsmi saytı emdk.gov.az və privatization.az saytından almaq
olar.