Xəzər Xəbər

Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb

İqtisadiyyat | 12:29 • 24 Fevral 2018
Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan qaz interkonnektoru layihəsinə (IGB) 17 milyon avro həcmində investisiya qoyulub.

Bu barədə Trend-ə özəl açıqlamasında ICGB AD (layihənin operatoru) şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O qeyd edib ki, bu məbləğ layihənin səhmdarı – "Bulgarian Energy Holding EAD” və "IGI Poseidon S.A”. tərəfindən yatırılıb.

Xanım T.Georgiyeva əlavə edib ki, layihə üçün lazım olan məbləğin qalan hissəsi qrant və borclar hesabına ödəniləcək:

"Layihənin ümumi investisiya dəyəri 240 milyon avro (əlavə dəyər vergisi olmadan) təşkil edir. Bunun təqribən 220 milyon avrosu kapital xərcləri, 20 milyon avro isə layihənin işlənib hazırlanması dəyəridir”.

İcraçı direktor bildirib ki, İqtisadiyyatın bərpası üçün Avropa Energetika Proqramı (EEPR) çərçivəsində artıq 45 milyon avro dəyərində qrant təsdiq edilib: "Bundan başqa, Bolqarıstan hökuməti IGB üçün 110 milyon avro məbləğində dövlət zəmanətinin verilməsini təsdiq edib”.

T.Georgiyeva deyib ki, layihə şirkəti, həmçinin Bolqarıstan və Yunanıstanın struktur və investisiya fondlarından əlavə qrantlar almağa ümid edir: "Qrantın məbləği hər iki ölkə və Avropa Komissiyasının müvafiq orqanları tərəfindən müəyyən ediləcək və razılaşdırılacaq".

O qeyd edib ki, Bolqarıstan Struktur və İnvestisiya Fondundan qrant almaq üçün ICGB-nin Bolqarıstanın "İnnovasiyalar və rəqabət qabiliyyəti" operativ proqramına təminat benefisiarı kimi daxil edilməsini nəzərdə tutan dəyişikliklər edilməlidir.

Qeyd edək ki, IGB boru kəməri Bolqarıstana xüsusən "Şahdəniz" yatağının ikinci mərhələsində əldə edilən Azərbaycan qazı almağa imkan verəcək.

IGB-in ilkin gücü 3 milyard kubmetr qaz olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti