Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə, hazırlanan yeni "Məcburi dövlət sosial
sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi
sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və
sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli
sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.
Bunu
XəzərXəbər-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib
ki, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı
sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq, aparılan islahat
tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində
və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında
sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət
sosial sığorta haqlarının əhəmiyyətini artırıb. Belə olan şəraitdə
ölkədə sahibkarlıq mühitini inkişaf etdirmədən və onlar üçün əlverişli
şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliyinin artırılmasına
və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün
deyildir. Xüsusilə də son illərdə qloballaşan dünyada baş verən ciddi
iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun
mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına
sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes
mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə də,
ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün
məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac
vardır:
""Məcburi dövlət sosial sığorta haqları üzrə borcların
tənzimlənməsi haqqında” qanun layihəsi də əlverişli sığorta mühitinin
yaradılmasına, fərdi uçot sistemində nəzərə alınmayan, məhkəmə
qərarlarının olmasına baxmayaraq hazırkı tarixədək əsasən obyektiv
səbəblərdən ödənilməyən məcburi dövlət sosial sığorta haqları üzrə
borcların tənzimlənməsinə xidmət edir. Layihədə sığortaedənlərin
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və
2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial
sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub.
Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan
sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi
və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş
tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə
kifayət qədər nail olunmamışdır”.
Şöbə mediri vurğulayıb ki,
hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial
sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat
borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il
tarixinədək ödənilmişdir. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində
ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği
100,2 milyon manat təşkil edir. Qanunun layihəsinin digər müddəası
sığortaedənlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış
və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial
sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə
sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə
silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə sığortaedənlərin
01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət
sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə
sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da
67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb:
"Qanun
layihəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına
görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə
2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək
yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat məlumatlarına
görə sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1
aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil
edir”.
E.Babayev vurğulayıb ki, ümumilikdə "Məcburi dövlət sosial
sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi ilə
sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi
dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş
maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon
manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə
tənzimlənməsi nəzərdə tutulur:
"Onu da qeyd edək ki, pensiya
təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən
açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu
hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların
pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında
bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial
sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya
hüquqlarına mənfi təsir etməyəcəkdir. Nəticə etibarilə, "Məcburi dövlət
sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun
layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası
üzrə borcları tənzimlənəcəkdir. Bu isə məcburi dövlət sosial sığorta
haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına,
həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və
tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə
yaratmamağa sövq edəcəkdir. Eyni zamanda, bu tədbir bütövlükdə əmək
pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta
haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının
vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaqdır”.