Xəzər Xəbər

Növbəti hərracın nəticələri açıqlandı

İqtisadiyyat | 12:44 • 6 Fevral 2018
Növbəti hərracın nəticələri açıqlandı

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Nərimanov rayonunda yerləşir. Ümumi faydalı sahəsi 17 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 120 kvadratmetr olan obyekt də xidmət sahəsinə aiddir.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Hərracda buraxılış tarixi isə müxtəlif olan nəqliyyat vasitələri, BMW, "Fiat”, "Chevrolet”, KİA, "Nissan” kimi avtomobilləri də özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

"Funksionallığı ilə seçilən Elektron hərracın tətbiqi özəlləşdirmə prosesini daha da sürətləndirir. Sistemin köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya "Elektron Hökumət Portalı”na (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də "facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, komitə tərəfindən növbəti belə hərrac 13 fevral tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

Xəbər lenti